آلمان فاشیستلریله بیرلیکده وطنینه قارشی دؤیوشن بیر «لژیونر»ین خاطره لرینده م. ا. رسولزاده
(باکی دا نشر اولان «زامان» غزته سیندن)
Vətən üçün darıxan legioner
Ana vətən üçün darıxmışam. Əvvəllər Azərbaycanda türkiyəli yox idi. Amma son zamanlar çoxalıb. Bəziləri gəlib mənimlə görüşürlər. Çox sağ olsunlar. Mənə hər cürə qayğı göstərirlər. Hətta bir neçəsi söz verib ki, məni Türkiyəyə aparacaq.
Universitetdə oxuyarkən M.Ə.Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublunun II Dünya müharibəsində Almaniya tərəfində vuruşan Azərbaycan legionları haqqında danışdıqları marağımızı çəkmişdi.
Öyrəndik ki,
sən demə, həmvətənlərimiz II Cahan müharibəsində həm Sovet bayrağı və “ura”
sədaları altında, həm də üçrəngli Azərbaycan və alman bayraqları və “Allahu
əkbər” sədaları altında vuruşublar. Həmsöhbətimiz 92 yaşlı Novruz Cəfərov da
almanların tərəfində vuruşan Azərbaycan legionlarını təşkil edənlərdəndir.
Novruz dayı əslən türkiyəlidir, ancaq Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
Çox təlatümlü həyat keçirib. Üç il əsirlikdə, səkkiz il məhbusda qalıb. Qısası,
həyatın hər üzünü görüb. İstədik ki, Novruz dayının maraqlı həyatının bəzi
epizodlarını oxucularımıza çatdıraq. Elə bu məqsədlə onun yaşadığı ünvana
yollandıq.
- Novruz dayı, necə oldu ki, Azərbaycana gəldiniz?
- O zamanlar Bakıda ermənilər üsyan qaldırmışdılar. Yerli xalqa divan tuturdular.
Osmanlı dövləti Azərbaycana yardım məqsədi ilə Nuru paşanın komandanlığı altında
hərbi qüvvə göndərdi. Mənim atam Nuru paşanın komandanlıq etdiyi dəstədə zabit
idi. Mən o zamanlar 7-8 yaşlarında idim. İndi tam xatırlaya bilmirəm.
- Dediyiniz kimi, Azərbaycana atanızla birlikdə gəlmisiniz. Bəs burada kimin
yanında qalırdınız? Axı atanız zabit idi və sizin onun yanında qalmağınız
imkansızdı.
- Doğrudur, atam zabit olduğu üçün mən onun yanında qala bilmirdim. Hələ
İstanbulda ikən atam mənə dedi ki, oğlum, sən kiçiksən, getmə. Səni buradakı
qohumlarımızdan birinin yanına yerləşdirim. Anam vəfat etmişdi .Atamdan da ayrı
qala bilməzdim.
- Novruz dayı, siz Azərbaycandakı gərgin vəziyyəti xatırlayırsınızmı?
- Tam olaraq deyə bilmərəm. Çünki məni Bakıda saxlamadılar, Gəncəyə göndərdilər.
Orada Uşaq Evində qalırdım. Daha sonra eşitdim ki, Nuru paşanın ordusu
erməniləri məğlub edib. Uşaq olduğum üçün bəzi hadisələri dəqiq xatırlaya
bilmirəm. Türklər də artıq geri dönmək istəyirdilər. Bu ərəfədə Rusiya
imperiyası Azərbaycanı işğal etdi.
- Nuru paşanın ordusu Türkiyəyə geri qayıtdımı?
- Türkiyədən gələn əsgərlər Lənkəran tərəfdən Türkiyəyə qayıtmaq istəyirdilər.
Lakin İran dövləti türk əsgərlərinə divan tutdu və onların öz vətənlərinə
qayıtmalarına icazə vermədi. Dəqiq xatırlamıram, qalan əsgərlər vətənə qayıda
bildilərmi, ya yox?
- Novruz dayı, siz o zamanlar harada idiniz?
- Məni Lənkərana gətirmişdilər. Atamdan yaman nigaran idim. Ondan heç bir xəbər
ala bilmirdim. Bir gün bizi - yəni Uşaq Evində qalanları şəhərə gəzməyə
çıxarmışdılar. Təsadüfən atamla qarşılaşdım. Bu, mənim həyatımda ən sevimli
anlardan biri idi. Çünki həyatda atamdan başqa heç kimim yox idi. Onu da
itirsəydim, təkbaşıma qalacaqdım.
- Atanızı gördükdən sonra onunla birgə yaşamağa başladınız?
- Bəli. Həmin vaxtdan etibarən Uşaq Evindən ayrıldım və atamla birgə yaşamağa
başladım. Sonra atam lənkəranlı bir xanımla evləndi. Evləndiyi xanımın adı
yadımda deyil. Ancaq onu deyə bilərəm ki, onların üç övladı oldu, ikisi qız,
biri isə oğlandı. Həmin vaxtlar Azərbaycan vətəndaşı olmuşduq. Artıq mənim
soyadım Cəfəroğlu deyil, Cəfərov olmuşdu. Aradan illər keçdi, qardaş və
bacılarım böyüdülər. Böyük bacım Bakıya ərə getdi. Həmin vaxtdan sonra mən də
Bakıya gəldim.
“Almanlar bizə əziyyət vermirdilər”
- Novruz dayı, eşitdiyimizə görə, II Dünya müharibəsində iştirak etmisiniz? Bizə
həmin illərdən söhbət aça bilərsinizmi?
- Əlbəttə, 1941-ci ildə məni də Böyük Vətən müharibəsinə apardılar. 1942-ci ildə
Krımda əsir düşdüm. Bizə dedilər ki, sizdən legion düzəldəcəyik. Mənə də dedilər
ki, azəriləri yığ. Azərbaycanlıları, əvvəlcə, Ukraynanın Priluqa, Priyatni,
Mirqorod, Qardiyaç, Tromenks., Stalinskaya, Saroçinsk şəhərlərində yığdıq. Bir
alman zabiti - oberleytenant mənə çox ehtiram edirdi.
Kim
deyir ki, almanlar bizə pis baxırdılar, yalan danışır.
Xəstəxanalar açılmışdı əsirlər üçün. Bizi öz əsgərlərindən ayırmırdılar.
Legionerlərin ayrıca forması yox idi. Almanların
geyindiklərindən geyinirdik. Mən onların əsirlərə əziyyət vermələrini görmədim.
Orada olanda eşitmişdim ki, alman əlini qaldırıb təslim olur, ancaq rus əsgəri
süngünü qarnına soxur. Əsir düşməmişdən qabaq da rusların vəhşiliyini görmüşdüm.
Ruslar əsirlərə çox əziyyət verirdilər. Ancaq almanlar elə deyildilər, əsirlərlə
mədəni davranırdılar. Hirslənəndə uzaqbaşı qışqırırdılar, amma vurmurdular.
Hitleri nitq söyləyərkən görmüşəm.
Alman komandirim onu fəxrlə göstərib deyirdi ki, “Mayn Fürer”.
- Novruz dayı, əsirlikdə ikən sizinlə bərabər olan azərbaycanlılardan kimləri
xatırlayırsınız?
- Bir çoxunun adını çəkə bilərəm. Misal üçün, Mehdi Hüseynzadə, Mirdaməd Seyidov
mənim əsgərlərim idilər. Daha sonra onlar qaçaraq partizanlara qoşuldular. Həmin
vaxtlar almanlar bizi İtaliyaya aparmışdılar. İtaliyada kabardinləri, çeçenləri,
inquşları da yığmışdılar. Ona qədər biz sovetə qarşı vuruşmamışdıq. İtaliyaya
keçəndən sonra sərhədə yaxın yerləşən Udine şəhərinə gəldik. Dağlıq yerlər idi.
Sonra bizi Ankona, Piza, Dalmatiya, Parma şəhərlərindən keçirdilər. Axırda
Turinə gəldik. Orada diviziya komandirimi gördüm. Bir neçə aydan sonra mən
oradan qaçdım. Gəldim Arta kəndinə. Orada bir keşişin evində qaldım. Onlar da
İtaliya faşizminə nifrət edirdilər. Qəriblik çəkirdim. Gecələr ağlayırdım, vətən
yadıma düşürdü. Orada da bizim diviziyanın üstündə almanlar idilər. Əhmədiyyə
Cəbrayılov və digər partizanlar bizim legionda idilər. Sonra qaçdılar. Mirdaməd
Seyidov indi istefada olan polkovnikdir. O zaman sıravi əsgər idi. O, Bakıya
gələndə ona hörmət etdilər. Ancaq mənə 25 il iş verdilər.
“Rəsulzadənin hədiyyəsini saxlayıram”
- Sizin əsgərlərinizdən sağ qalanı varmı?
- Bəli. Mirdaməd Seyidov hal-hazırda sağdır. O, Gəncə şəhərində yaşayır.
- Novruz dayı, dediniz ki, almanlar sizi İtaliyaya aparıb. Bunun səbəbi nə idi?
- Onlar istəyirdilər ki, biz ruslara qarşı vuruşaq və almanlar da Rusiyaya
məlumat ötürsünlər ki, onların əsgərləri öz dövlətlərinə qarşı çıxırlar. Təbii
ki, biz buna etiraz etməmişdik. Yəni ruslara qarşı savaşmağa razılıq vermişdik.
Onu da qeyd edim ki,
mən əsirlikdə ikən
bizim yanımıza Məmmədəmin Rəsulzadə də gəldi. Çox yaxşı insan idi. Onun mənə
hədiyyə etdiyi kostyumu hələ də saxlayıram. Onunla birgə çox xatirələrimiz olub.
Mən Məmmədəmin Rəsulzadə ilə birgə İtaliyanın bir çox şəhərində olmuşam.
“Bizi aldatdılar”
- Əsirlikdən necə azad oldunuz?
- Ruslar almanları məğlub etdilər. Yuxarıda da qeyd etdiyim kimi, biz o zamanlar
İtaliyada idik. Mənim komandanlığım altında olan əsgərlər qaçdılar. Bu arada
Stalin bəyanat verdi ki, əsir düşənlər vətənə qayıda bilərlər. Mən də Vətənə
qayıtmaq istədiyimi bildirdim. Bizi yük vaqonlarına mindirərək Özbəkistana
gətirdilər. Orada başımıza nə iş gələcəyindən xəbərsiz idik. Buna görə də mən
qaçaraq Azərbaycana gəldim.
- Bəs digərlərinin aqibəti necə oldu?
- Onu deyə bilmərəm.
- Azərbaycana gəldikdən sonra nə işlə məşğul oldunuz?
- Vətənə geri döndüyüm üçün çox sevinirdim. Lakin aradan bir ay keçməmiş məni
həbs etdilər. O zaman anladım ki, bizi aldadıblar. Mənə çox zülm etdilər.
İstintaqda mənə deyirdilər ki, sən Bağırovun yerinə gəlmək istəyirdin. Məhkəmə
“Köhnə İnturist”in olduğu yerdə Kojikov tərəfindən aparılırdı. Kojikov məhkəmə
heyətinin qərarını açıqlayaraq, mənim 25 il azadlıqdan məhrum edildiyimi
bildirdi. Onu da deyim ki, heç kimə mənim qədər ağır cəza verməmişdilər. Daha
sonra məni Tatarıstana göndərdilər, orada İsınbay şəhərində həbsdə qaldım. Lakin
Xruşşov hakimiyyətə gəldikdən sonra bizi əfv etdi. Cəmi 8 il həbsdə qaldım.
- Azadlığa buraxıldıqdan sonra nə etdiniz?
- Həbsdən çıxdıqdan sonra müxtəlif işlərdə çalışdım. Ən sonda dövlət opera və
balet teatrına işə düzəldim. Mən orada xorda oxuyurdum. Çox gözəl səsim vardı.
Daha sonra evləndim və iki oğlum dünyaya gəldi. İndi mən onlarla bərabər
yaşayıram.
- Ana Vətəni görmək istəyirsinizmi?
- Düzünü deyim ki, indi orada mənim heç bir qohum-qardaşım yoxdur. Amma yenə də
Türkiyəni görmək istəyirəm. Çünki ora mənim Ana Vətənimdir. Ana vətən üçün
darıxmışam. Əvvəllər Azərbaycanda türkiyəli yox idi. Amma son zamanlar çoxalıb.
Bəziləri gəlib mənimlə görüşürlər. Çox sağ olsunlar. Mənə hər cürə qayğı
göstərirlər. Hətta bir neçəsi söz verib ki, məni Türkiyəyə aparacaq.
- Novruz dayı, sizə maraqlı söhbət üçün təşəkkür edir, cansağlığı arzulayırıq.
Məni yada saldığınız üçün sizə ehtiramımı bildirirəm.
· Söhbətləşdilər: Rəşad Babayev, Ramil İsmayılov
GAYNAG:
|
http://www.zaman.com.az/view.php?d=953 |
||||
|