بازگشت به صفحه پیشین
آلمان
فاشیستلریله بیرلیکده وطنینه قارشی دؤیوشن بیر «لژیونر»ین خاطره لرینده
م. ا. رسولزاده
(باکی دا نشر اولان «زامان» غزته سیندن)
Vətən üçün darıxan legioner
Ana vətən üçün darıxmışam. Əvvəllər Azərbaycanda türkiyəli yox idi.
Amma son zamanlar çoxalıb. Bəziləri gəlib mənimlə görüşürlər. Çox
sağ olsunlar. Mənə hər cürə qayğı göstərirlər. Hətta bir neçəsi söz
verib ki, məni Türkiyəyə aparacaq.
Universitetdə oxuyarkən M.Ə.Rəsulzadə irsinin araşdırıcısı Nəsiman
Yaqublunun II Dünya müharibəsində Almaniya tərəfində vuruşan
Azərbaycan legionları haqqında danışdıqları marağımızı çəkmişdi.
Öyrəndik ki, sən demə, həmvətənlərimiz II Cahan müharibəsində həm
Sovet bayrağı və “ura” sədaları altında, həm də üçrəngli Azərbaycan
və alman bayraqları və “Allahu əkbər” sədaları altında vuruşublar.
Həmsöhbətimiz 92 yaşlı Novruz Cəfərov da almanların tərəfində
vuruşan Azərbaycan legionlarını təşkil edənlərdəndir.
Novruz dayı əslən türkiyəlidir, ancaq Azərbaycan vətəndaşıdır və
Bakıda yaşayır. Çox təlatümlü həyat keçirib. Üç il əsirlikdə, səkkiz
il məhbusda qalıb. Qısası, həyatın hər üzünü görüb. İstədik ki,
Novruz dayının maraqlı həyatının bəzi epizodlarını oxucularımıza
çatdıraq. Elə bu məqsədlə onun yaşadığı ünvana yollandıq.
- Novruz dayı, necə oldu ki, Azərbaycana gəldiniz?
- O zamanlar Bakıda ermənilər üsyan qaldırmışdılar. Yerli xalqa
divan tuturdular. Osmanlı dövləti Azərbaycana yardım məqsədi ilə
Nuru paşanın komandanlığı altında hərbi qüvvə göndərdi. Mənim atam
Nuru paşanın komandanlıq etdiyi dəstədə zabit idi. Mən o zamanlar
7-8 yaşlarında idim. İndi tam xatırlaya bilmirəm.
- Dediyiniz kimi, Azərbaycana atanızla birlikdə gəlmisiniz. Bəs
burada kimin yanında qalırdınız? Axı atanız zabit idi və sizin onun
yanında qalmağınız imkansızdı.
- Doğrudur, atam zabit olduğu üçün mən onun yanında qala bilmirdim.
Hələ İstanbulda ikən atam mənə dedi ki, oğlum, sən kiçiksən, getmə.
Səni buradakı qohumlarımızdan birinin yanına yerləşdirim. Anam vəfat
etmişdi .Atamdan da ayrı qala bilməzdim.
- Novruz dayı, siz Azərbaycandakı gərgin vəziyyəti xatırlayırsınızmı?
- Tam olaraq deyə bilmərəm. Çünki məni Bakıda saxlamadılar, Gəncəyə
göndərdilər. Orada Uşaq Evində qalırdım. Daha sonra eşitdim ki, Nuru
paşanın ordusu erməniləri məğlub edib. Uşaq olduğum üçün bəzi
hadisələri dəqiq xatırlaya bilmirəm. Türklər də artıq geri dönmək
istəyirdilər. Bu ərəfədə Rusiya imperiyası Azərbaycanı işğal etdi.
- Nuru paşanın ordusu Türkiyəyə geri qayıtdımı?
- Türkiyədən gələn əsgərlər Lənkəran tərəfdən Türkiyəyə qayıtmaq
istəyirdilər. Lakin İran dövləti türk əsgərlərinə divan tutdu və
onların öz vətənlərinə qayıtmalarına icazə vermədi. Dəqiq
xatırlamıram, qalan əsgərlər vətənə qayıda bildilərmi, ya yox?
- Novruz dayı, siz o zamanlar harada idiniz?
- Məni Lənkərana gətirmişdilər. Atamdan yaman nigaran idim. Ondan
heç bir xəbər ala bilmirdim. Bir gün bizi - yəni Uşaq Evində
qalanları şəhərə gəzməyə çıxarmışdılar. Təsadüfən atamla qarşılaşdım.
Bu, mənim həyatımda ən sevimli anlardan biri idi. Çünki həyatda
atamdan başqa heç kimim yox idi. Onu da itirsəydim, təkbaşıma
qalacaqdım.
- Atanızı gördükdən sonra onunla birgə yaşamağa başladınız?
- Bəli. Həmin vaxtdan etibarən Uşaq Evindən ayrıldım və atamla birgə
yaşamağa başladım. Sonra atam lənkəranlı bir xanımla evləndi.
Evləndiyi xanımın adı yadımda deyil. Ancaq onu deyə bilərəm ki,
onların üç övladı oldu, ikisi qız, biri isə oğlandı. Həmin vaxtlar
Azərbaycan vətəndaşı olmuşduq. Artıq mənim soyadım Cəfəroğlu deyil,
Cəfərov olmuşdu. Aradan illər keçdi, qardaş və bacılarım böyüdülər.
Böyük bacım Bakıya ərə getdi. Həmin vaxtdan sonra mən də Bakıya
gəldim.
“Almanlar bizə əziyyət vermirdilər”
- Novruz dayı, eşitdiyimizə görə, II Dünya müharibəsində iştirak
etmisiniz? Bizə həmin illərdən söhbət aça bilərsinizmi?
- Əlbəttə, 1941-ci ildə məni də Böyük Vətən müharibəsinə apardılar.
1942-ci ildə Krımda əsir düşdüm. Bizə dedilər ki, sizdən legion
düzəldəcəyik. Mənə də dedilər ki, azəriləri yığ. Azərbaycanlıları,
əvvəlcə, Ukraynanın Priluqa, Priyatni, Mirqorod, Qardiyaç, Tromenks.,
Stalinskaya, Saroçinsk şəhərlərində yığdıq. Bir alman zabiti -
oberleytenant mənə çox ehtiram edirdi.
Kim deyir ki, almanlar bizə pis baxırdılar, yalan danışır.
Xəstəxanalar açılmışdı əsirlər üçün. Bizi öz əsgərlərindən
ayırmırdılar. Legionerlərin ayrıca forması
yox idi. Almanların geyindiklərindən geyinirdik. Mən onların
əsirlərə əziyyət vermələrini görmədim. Orada olanda eşitmişdim ki,
alman əlini qaldırıb təslim olur, ancaq rus əsgəri süngünü qarnına
soxur. Əsir düşməmişdən qabaq da rusların vəhşiliyini görmüşdüm.
Ruslar əsirlərə çox əziyyət verirdilər. Ancaq almanlar elə
deyildilər, əsirlərlə mədəni davranırdılar. Hirslənəndə uzaqbaşı
qışqırırdılar, amma vurmurdular.
Hitleri nitq söyləyərkən görmüşəm.
Alman komandirim onu fəxrlə göstərib deyirdi ki, “Mayn Fürer”.
- Novruz dayı, əsirlikdə ikən sizinlə bərabər olan
azərbaycanlılardan kimləri xatırlayırsınız?
- Bir çoxunun adını çəkə bilərəm. Misal üçün, Mehdi Hüseynzadə,
Mirdaməd Seyidov mənim əsgərlərim idilər. Daha sonra onlar qaçaraq
partizanlara qoşuldular. Həmin vaxtlar almanlar bizi İtaliyaya
aparmışdılar. İtaliyada kabardinləri, çeçenləri, inquşları da
yığmışdılar. Ona qədər biz sovetə qarşı vuruşmamışdıq. İtaliyaya
keçəndən sonra sərhədə yaxın yerləşən Udine şəhərinə gəldik. Dağlıq
yerlər idi. Sonra bizi Ankona, Piza, Dalmatiya, Parma şəhərlərindən
keçirdilər. Axırda Turinə gəldik. Orada diviziya komandirimi gördüm.
Bir neçə aydan sonra mən oradan qaçdım. Gəldim Arta kəndinə. Orada
bir keşişin evində qaldım. Onlar da İtaliya faşizminə nifrət
edirdilər. Qəriblik çəkirdim. Gecələr ağlayırdım, vətən yadıma
düşürdü. Orada da bizim diviziyanın üstündə almanlar idilər.
Əhmədiyyə Cəbrayılov və digər partizanlar bizim legionda idilər.
Sonra qaçdılar. Mirdaməd Seyidov indi istefada olan polkovnikdir. O
zaman sıravi əsgər idi. O, Bakıya gələndə ona hörmət etdilər. Ancaq
mənə 25 il iş verdilər.
“Rəsulzadənin hədiyyəsini saxlayıram”
- Sizin əsgərlərinizdən sağ qalanı varmı?
- Bəli. Mirdaməd Seyidov hal-hazırda sağdır. O, Gəncə şəhərində
yaşayır.
- Novruz dayı, dediniz ki, almanlar sizi İtaliyaya aparıb. Bunun
səbəbi nə idi?
- Onlar istəyirdilər ki, biz ruslara qarşı vuruşaq və almanlar da
Rusiyaya məlumat ötürsünlər ki, onların əsgərləri öz dövlətlərinə
qarşı çıxırlar. Təbii ki, biz buna etiraz etməmişdik. Yəni ruslara
qarşı savaşmağa razılıq vermişdik. Onu da qeyd edim ki,
mən əsirlikdə ikən bizim yanımıza Məmmədəmin Rəsulzadə də gəldi. Çox
yaxşı insan idi. Onun mənə hədiyyə etdiyi kostyumu hələ də
saxlayıram. Onunla birgə çox xatirələrimiz olub. Mən Məmmədəmin
Rəsulzadə ilə birgə İtaliyanın bir çox şəhərində olmuşam.
“Bizi aldatdılar”
- Əsirlikdən necə azad oldunuz?
- Ruslar almanları məğlub etdilər. Yuxarıda da qeyd etdiyim kimi,
biz o zamanlar İtaliyada idik. Mənim komandanlığım altında olan
əsgərlər qaçdılar. Bu arada Stalin bəyanat verdi ki, əsir düşənlər
vətənə qayıda bilərlər. Mən də Vətənə qayıtmaq istədiyimi bildirdim.
Bizi yük vaqonlarına mindirərək Özbəkistana gətirdilər. Orada
başımıza nə iş gələcəyindən xəbərsiz idik. Buna görə də mən qaçaraq
Azərbaycana gəldim.
- Bəs digərlərinin aqibəti necə oldu?
- Onu deyə bilmərəm.
- Azərbaycana gəldikdən sonra nə işlə məşğul oldunuz?
- Vətənə geri döndüyüm üçün çox sevinirdim. Lakin aradan bir ay
keçməmiş məni həbs etdilər. O zaman anladım ki, bizi aldadıblar.
Mənə çox zülm etdilər. İstintaqda mənə deyirdilər ki, sən Bağırovun
yerinə gəlmək istəyirdin. Məhkəmə “Köhnə İnturist”in olduğu yerdə
Kojikov tərəfindən aparılırdı. Kojikov məhkəmə heyətinin qərarını
açıqlayaraq, mənim 25 il azadlıqdan məhrum edildiyimi bildirdi. Onu
da deyim ki, heç kimə mənim qədər ağır cəza verməmişdilər. Daha
sonra məni Tatarıstana göndərdilər, orada İsınbay şəhərində həbsdə
qaldım. Lakin Xruşşov hakimiyyətə gəldikdən sonra bizi əfv etdi.
Cəmi 8 il həbsdə qaldım.
- Azadlığa buraxıldıqdan sonra nə etdiniz?
- Həbsdən çıxdıqdan sonra müxtəlif işlərdə çalışdım. Ən sonda dövlət
opera və balet teatrına işə düzəldim. Mən orada xorda oxuyurdum. Çox
gözəl səsim vardı. Daha sonra evləndim və iki oğlum dünyaya gəldi.
İndi mən onlarla bərabər yaşayıram.
- Ana Vətəni görmək istəyirsinizmi?
- Düzünü deyim ki, indi orada mənim heç bir qohum-qardaşım yoxdur.
Amma yenə də Türkiyəni görmək istəyirəm. Çünki ora mənim Ana
Vətənimdir. Ana vətən üçün darıxmışam. Əvvəllər Azərbaycanda
türkiyəli yox idi. Amma son zamanlar çoxalıb. Bəziləri gəlib mənimlə
görüşürlər. Çox sağ olsunlar. Mənə hər cürə qayğı göstərirlər. Hətta
bir neçəsi söz verib ki, məni Türkiyəyə aparacaq.
- Novruz dayı, sizə maraqlı söhbət üçün təşəkkür edir, cansağlığı
arzulayırıq.
Məni yada saldığınız üçün sizə ehtiramımı bildirirəm.
· Söhbətləşdilər: Rəşad Babayev, Ramil İsmayılov.
GAYNAG:
نسخه قابل چاپ